Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 00:44

İdman yarışları və intellektual oyunlarda qaliblərə ayrılan yüz minlərlə manat belə mənimsənilib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Müxtəlif idman yarışlarının, özəlliklə intellektual oyunların qaliblərinə ayrılan pul mükafatlarının mənimsənildiyi iddia edilir. Söhbət 2006-2023-cü illər boyunca toplam 871 min manatdan çox yeyintidən gedir. Bu üzdən, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb olunublar. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsiylə ittiham verilsə də, həbs olunmayıblar və hökm çıxarılanadək barələrində alternativ qətimkan tədbiri seçilib.

R.Abbasov və E.Qulamovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Gənclər və İdman Nazirliyinin nümayəndəsi məhkəməyə zərərçəkmiş qismində qatılır. Nümayəndə bildirib ki, nazirliyə dəymiş ziyan – mənimsənilən pullar qaytarılmalıdır. Bundan ötrü 711 min 255 manatlıq mülki iddia qaldırılıb.

Məhkəmə mülki iddianı icraata götürüb. Onun təmin edilib-edilməməsinə sonda – hökm çıxarılarkən qərar veriləcək.

Nazirliyin nümayəndəsi vurğulayıb ki, təqsirləndirilən şəxslər idman tədbirlərində xərclərin smetasını göstərmədən mükafatların verilməsi barədə arayışlar hazırlayıblar. Onun sözlərinə görə, Maliyyə Nazirliyi yoxlama zamanı 52 yarış üzrə belə arayışlar üzə çıxarıb.

"Pulları yarışın qaliblərinə verməyib özlərinə götürüblər"

Məhkəmədə o da bilinib ki, yarışda qalib gələn idmançılara mükafat almalarına dair sənəd imzalatdırılsa da, onlara pul verilməyib. Həmin vəsaitləri keçmiş idarə rəisi R.Abbasovla sektor müdiri E.Qulamovun mənimsədiyi iddia olunur.

"Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə verməyib özlərinə götürüblər", - nazirliyin nümayəndəsi belə deyib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Samir Kazımov da məhkəmədə dindirilib. Bu idarədə 20 ildən çoxdur çalışdığını söyləyən S.Kazımovun sözlərinə görə, dövlət büdcəsindən müxtəlif yarış və tədbirlərin keçirilməsinə ayrılan pulların xərclənməsinə nəzarət edib.

Onun istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. Baş məsləhətçi istintaqda bəzi tədbirlərin sənəddə göstərildiyni və büdcədən vəsait ayrılsa da, əslində keçirilməyib, mənimsənildiyini söyləsə də, məsələyə aydınlıq gətirə bilməyib: "Hər il tədbirlər planı olurdu, onun əsasında tədbirlər keçirirdik. Tədbirlərdən sonra bankdan götürülmüş vəsaitin təyinatı üzrə xərclənməsi barədə hesabat verirdim. Bəzən nəzərdə tutulmayan tədbirlərimiz də olurdu".

R.Abbasov və E.Qulamov onlara verilən xüsusilə külli miqdarda mənimsəmə ittihamını qəbul etmirlər. Onlar məhkəmədə ittihama münasibət bildirərkən özlərini təqsirli bilmədiklərini deyiblər. Di gəl, R.Abbasov istintaq dövründə ziyandan 100 min manat ödəyib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində sözügedən yeyinti ittihamı üzrə məhkəmə araşdırmaları davam edir.

R.Abbasovla E.Qulamovun suçlandığı Cinayət Məcəlləsinin 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG