Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəza aradan qaldırılıb.
Bu barədə iyunun 18-də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumatda vurğulanıb ki, borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib.
"Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-si axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək. Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdənkənar su ilə təmin olunmasına çalışılır", - xidmətin yaydığı məlumatda bildirilir.
Bakıda və Abşeronda su şikayətləri var
İyunun 16-dan paytaxt Bakı və Abşeron rayonunun bəzi ərazilərində su verilməsində fasilələr olduğu bildirilir. Şikayətlər, əsasən, Bakının Nəsimi, Səbail, Binəqədi, Nərimanov və Yasamal rayonlarından eşidilir. Bəzi yerlərdə isə, ümumiyyətlə, suyun verilməsinin dayandığı vurğulanır.
Belə bir vəziyyətin hələ bir neçə gün davam edəcəyi gözlənir.
Ölkənin bir sıra yerli saytlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadla yayılan məlumatlarda bu vəziyyət Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqələndirilir. Qəzanın nəticələrinin iyunun 20-nə kimi aradan qaldırılacağı vurğulanır.
Ötən ilin avqustunda da Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında və Ramanı qəsəbəsində suyun verilməsində bir neçə gün fasilələr yaranmışdı. Onda paytaxt sakinləri isti havada susuzluqdan böyük əziyyət çəkdiklərini, çıxış yolu kimi mağazalardan su aldıqlarını bildirmişdilər.
Oğuz-Qəbələ-Bakı su kəməri Bakı şəhərinin bir hissəsini, həmçinin magistral xətt boyunca yerləşən bir çox kəndləri su ilə təmin edir.
Bu ilin əvvəlində ölkənin yerli saytlarında su tariflərinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarsalamadığı ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlardan sonra sosial şəbəkə istifadəçiləri arasında suyun qiymətinin yenidən artacağı ilə bağlı narahatlıqlar müşahidə edilmişdi. Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı.
Xatırlatma
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına prezident İlham Əliyevin 2005-ci il avqustun 25-də imzaladığı sərəncam ilə başlanıb. Sırf tikinti işlərinə isə iki il sonra - 2007-ci ilin martında start verilib. Su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib. Bu layihə üzrə Azərbaycan Dövlət Neft Fondundan ümumilikdə 779.6 milyon manat ayrıldığı açıqlanıb. Amma ayrı-ayrı ekspertlər bu qəzalardan öncə də həmin layihənin gözlənilən effekti vermədiyini deyirdilər. Hətta layihənin gerçəkləşməsi zamanı korrupsiya ilə də bağlı iddialar səslənib. Amma rəsmilər belə iddiaları qəbul etməyiblər.