Rusiyanın Kiyevə son kütləvi zərbələrindən ölənlərin sayı 24-ə yüksəlib

Kiyev. 17 iyun 2025

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiyanın iyunun 16-dan 17-nə keçən gecə Ukrayna şəhərlərinə raket və dron hücumları nəticəsində Kiyevdə dağılan yaşayış binalarının dağıntıları altından daha çox meyit çıxarılıb və ölənlərin sayı 24 nəfərə yüksəlib. Bu, 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğaldan bəri ən ölümcül hücumlardan biri sayılır.

Ukrayna rəsmiləri 18 iyunu matəm günü elan ediblər. Prezident Volodimir Zelenski bu hücumu müharibə zamanı paytaxta edilən ən dəhşətli hücumlardan biri adlandırıb. Rəsmilər bildiriblər ki, Kiyevdə həlak olan 16 nəfərlə yanaşı, Odessada da iki nəfər ölüb.

Kiyevə hücum zamanı raket zərbəsi nəticəsində doqquzmərtəbəli bir yaşayış binasının bütöv bir hissəsi yerlə-yeksan edilib.

"Ailələrimiz çox ağır bir gecə keçirdi, bu, müharibənin başlanğıcından bəri ən böyük hücumlardan biri idi. Bizə müttəfiqlərimizin dəstəyi lazımdır və bu səbəbdən buradayam. Biz sülh danışıqlarına, qeyri-şərtsiz atəşkəsə hazırıq. Məncə bu, çox vacibdir. Amma bunun üçün təzyiq lazımdır", - prezident Zelenski iyunun 17-də G7 sammitində bildirib.

Ancaq kanadalı bir rəsmi jurnalistlərə deyib ki, G7 sammitində ABŞ-nin müqaviməti səbəbindən Rusiyaya təzyiqin artırılması yönündə güclü bir razılaşma əldə olunmayıb.

Ukraynalı siyasi analitik Oleq Saakyan hesab edir ki, Rusiyanın bu genişmiqyaslı hücumu təsadüf deyil, G7 sammitinə görə qəsdən zamanlanıb.

"Təəssüf ki, bu, tamamilə gözləniləndir. Nə vaxt ki danışıqlar və ya G7 sammiti kimi yüksəksəviyyəli görüşlər keçirilir, Rusiya dinc sakinlərə qarşı genişmiqyaslı terror təşkil edir", - Saakyan "Current Time"a bildirib.

BMT-nin məlumatına görə, genişmiqyaslı işğalın başlanmasından bəri təsdiqlənmiş mülki ölü sayı 13 mindən çoxdur, lakin rəsmilər əsl rəqəmin, güman ki, daha yüksək olduğunu bildirirlər.

Rusiya dinc sakinləri hədəf almadığını iddia edir.

17 iyun

Ölənlər arasında ABŞ vətəndaşı da var

Ukrayna rəsmilərinin verdiyi məlumata görə, iyunun 17-də erkən saatlarda Rusiyanın Kiyevə dron və raket zərbələri nəticəsində 14 nəfər həlak olub, 44 nəfər yaralanıb. Ölkənin daxili işlər naziri İqor Klimenko Teleqram paylaşımında qeyd edib ki, yaşayış binaları, təhsil müəssisələri və digər vacib mülki infrastruktur hədəf alınıb.

Ölənlər arasında bir ABŞ vətəndaşının olduğu da bildirilir.

Rəsmilərin məlumatına görə, Rusiya qüvvələri paytaxt Kiyevin bir neçə rayonuna zərbələr endirib.

Paytaxt Kiyevlə yanaşı, Zaporojyeyə də hava zərbələri endirilib.

Moskva meri Sergey Sobyanin isə Rusiya hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru hərəkət edən iki Ukrayna dronunu zərərsizləşdirdiyini bildirib.

İyunun 16-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə bölmələri Belqorod vilayəti ilə sərhəddə 51 Ukrayna dronunu məhv edib.

Rusiyanın paytaxt Kiyevə kütləvi hava hücumu ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Kanadada G7 sammiti çərçivəsində planlaşdırılan görüş ərəfəsində baş verib. Lakin görüşün ləğv ediləcəyi açıqlanıb. Ağ ev Trampın Yaxın Şərqdəki gərginliyə görə Vaşinqtona erkən dönəcəyini bəyan edib. Zelenskinin digər liderlərlə təkbətək görüşlərinin davam edəcəyi gözlənilir.

ABŞ-nin atəşkəs üçün vasitəçilik səylərinə baxmayaraq, Moskva Ukraynaya hücumlarını davam etdirir. Danışıqlardan əldə olunan irəliləyişlər, əsasən, əsir mübadiləsi ilə məhdudlaşır.

Moskva Kiyevin qeyd-şərtsiz atəşkəs tələblərini rədd edib, Ukrayna isə Rusiyanın tələblərini "ultimatum" kimi qiymətləndirərək qəbul etmir.