Azərbaycanda kazino oyunlarına icazə verilə bilər

Kazino

Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə verilə bilər.

Azərbaycanın yerli saytlarının məlumatına görə, bununla bağlı Milli Məclisdə ölkə qanunvericiliyinə dəyişikliklər nəzərdə tutulur.

Dəyişikliklərə görə, oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə biləcək.

27 il öncənin qadağasına yaşıl işıq

Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunub. Onunla bağlı keçmiş prezident "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda qərar "Azərbaycan xalqının mənəviyyatına mənfi təsir göstərən,... hallara yol verməmək, iqtisadi sahədə cinayətkarlıqla mübarizənin möhkəmləndirildiyi və bazar münasibətlərinin bərqərar olduğu bir zamanda həmin sahədə müxtəlif əyintilərin qarşısını almaq məqsədi ilə" izah edilmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qarabağda kazino açılsın, turist gəlsin' - Deputat

Amma son illər hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra iş adamları və deputatlar kazino oyunlarına icazə verilməsi ilə bağlı təkliflər səsləndirmişdilər. Onlar bunun ölkədə turizmin və iqtisadiyyatın inkişafına fayda verəcəyini düşünürdülər. İndi də Azərbaycan parlamentində təmsil edilən bəzi deputatların yerli mediaya bildirmələrinə görə, keçmiş dövrdə "effektiv nəzarət mexanizmlərinin olmaması, dünya təcrübəsinin öyrənilməməsi" bu cür fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı. Onların fikrincə, indi dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir.

Amma ayrı-ayrı müxalifət təmsilçiləri zaman-zaman açıqlamalarında kazinolara yenidən yaşıl işıq yandırılmasına mənfi münasibətlərini bildiriblər. Onların fikrincə, hakimiyyət belə hallara yol verməkdənsə, əhalinin sosial güzəranın yaxşılaşdırılmasına diqqət ayırmalıdır.