Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 22:00

Paşinyanın kilsəyə hücumlarını pisləyən erməni milyarder həbs təhlükəsi ilə üzləşib


Milyarder Samvel Karapetyan Erməni Apostol Kilsəsinin Eçmiədzindəki baş kafedralında Milad mərasimində iştirak edir. 2015
Milyarder Samvel Karapetyan Erməni Apostol Kilsəsinin Eçmiədzindəki baş kafedralında Milad mərasimində iştirak edir. 2015

Erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışda ittiham olunur və onun həbsi ilə bağlı vəsatət verilib. Vəsatətə Avan məhkəməsində baxılacaq. Bu barədə Karapetyanı vəkilləri məlumat verib.

Milyarder S.Karapetyan iyunun 17-də baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinin rəhbərinə və ali ruhanilərinə qarşı kampaniyasını sərt şəkildə qınayıb.

"Mən hər zaman Erməni Kilsəsinin və erməni xalqının yanında olmuşam", –erməni əsilli milyarder "news.am" saytına bildirib. "Əgər siyasətçilər uğursuz olsalar, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik".

Karapetyanın məlum açıqlamasından sonra baş nazir Paşinyan "Facebook" hesabındakı paylaşımda yazıb: "Niyə bu əxlaqsız "ruhanilər" və onların əxlaqsız havadarları fəallaşıblar? Heç bir problem yoxdur, biz onları yenidən passivləşdirəcəyik. Həm də həmişəlik".

Bundan sonra Ermənistanın təhlükəsizlik xidməti iyunun 17-də milyarderin həbsi üçün hərəkətə keçib.

Hadisədən qısa müddət sonra polis əməkdaşlarının Karapetyanın Yerevandakı villasına baxış keçirməyə cəhd etdiyi bildirilir. Lakin orada oliqarxın qohumları və tərəfdarları ilə qarşılaşıblar. Polis sözçüsü hadisə nəticəsində bir qrup şəxsin saxlanıldığını bildirib. Karapetyanın qardaşı Karenin sözlərinə görə, azı 40 nəfər saxlanılıb.

İyunun 17-si axşam saatlarında yüzdən çox insan, o cümlədən müxalifət fəalları Karapetyanın villasının qarşısında toplaşıb. Evin ətrafı isə Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları və polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Paşinyan sosial şəbəkədə paylaşımlarında təqiblərə şəxsən göstəriş verdiyini etiraf edib. "İndi sənə qarşı öz üsulumla müdaxilə edəcəyəm, xain", –o yazıb.

Bu arada Karapetyan geri çəkilməyərək Moskvada yerləşən ona məxsus "Taşir Qrup" vasitəsilə qısa bəyanat yayıb: "Harada olsam da, nə baş versə də, erməni xalqının müqəddəsləri uğrunda bütün gücümlə mübarizə aparacağam. Heç kimin bu müqəddəsləri istənilən məqsədlə təhqir etməsinə imkan verməyəcəyəm".

İnsanlar Yerevanda biznesmen Samvel Karapetyanın evinin yaxınlığında toplaşırlar.
İnsanlar Yerevanda biznesmen Samvel Karapetyanın evinin yaxınlığında toplaşırlar.

Paşinyan iyunun 18-də mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, biznes maqnatı S.Karapetyanın verdiyi açıqlamalar dövlət üçün təhlükədir. Paşinyan Ermənistanı təhdid edən hər kəsin konkret cavab alacağını bildirib.

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub

Baş nazir Paşinyan iyunun 18-də Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanın vəzifəsindən azad edilməsinə dair qərarı ilə bağlı şərh verib. O bildirib ki, Abazyan onun baş nazirliyi dövründə ən uzun müddət MTX rəhbəri olmuş şəxsdir. "Onun bütün xidmət dövrü olduqca çətin keçdi və, məncə, o, bir az istirahəti haqq edir, çünki gərgin şəraitdə beş il MTX direktoru kimi işləmək asan deyil", – Paşinyan söyləyib.

Jurnalistlərin bu qərarın rusiyalı işadamı S.Karapetyanın evində aparılan hüquq-mühafizə tədbirləri ilə bağlı olub-olmaması barədə sualına Paşinyan belə cavab verib: "Bilirsiniz, qeyd etdiyiniz hallar mənim qeyd etdiyim hallar ilə birbaşa əlaqəlidir, amma ümumilikdə MTX direktorunun işi praktiki olaraq hər şeylə bağlıdır, xüsusən təhlükəsizliklə bağlı, o cümlədən hibrid təhlükəsizliklə".

Hakimiyyət orqanları iyunun 17-də Karapetyanın Yerevandakı villasına baxış keçirməyə və onu saxlamağa cəhd göstərib.

Abazyanın göstərişləri yerinə yetirməkdən imtina edib-etməməsi ilə bağlı sualına Paşinyan belə cavab verib: "MTX rəhbəri bunu edə bilməz".

Rusiyalı işadamı Samvel Karapetyan və prezident Serj Sarkisyan Yerevanda yeni ticarət mərkəzinin açılışında. 2017
Rusiyalı işadamı Samvel Karapetyan və prezident Serj Sarkisyan Yerevanda yeni ticarət mərkəzinin açılışında. 2017

Rusiya Karapetyana görə narahatdır

Karapetyan baş nazir Paşinyanın II Qareginə qarşı kampaniyasına qarşı çıxan müxalifət qruplarının dəstəyini alıb. Onlar hesab edirlər ki, bu kampaniya Azərbaycanın xoşuna gəlmək və ya Paşinyanın rəsmi Bakıya güzəştlərinə qarşı olan əsas müxalifət mənbəyini (Erməni kilsəsi) neytrallaşdırmaq məqsədi daşıyır.

Erməni Kilsəsi S.Karapetyana qarşı atılan addımları pisləyib və Ermənistan hakimiyyətindən "qanunsuz" hərəkətlərinə son qoymağı tələb edib.

Karapetyanla bağlı addımlar Rusiyada da narahatlıq doğurub. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, "Karapetyan Yerevanda qəribə bəhanələrlə həbs təhlükəsi ilə üzləşib" və buna görə də Moskva situasiyanı yaxından izləyir.

"Biz ona bütün qanuni hüquqlarının qorunması üçün zəruri yardımı göstərəcəyik", - Zaxarova "RİA Novosti"yə bildirib.

Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan isə dolayısı ilə erməni əsilli oliqarxı Moskvanın göstərişləri ilə hərəkət etməkdə günahlandırıb.

Samvel Karapetyan kimdir?

59 yaşlı Karapetyan Ermənistanda doğulub boya-başa çatıb. O, 1990-cı illərin əvvəllərində Rusiyaya köçüb və növbəti 20 ildə orada böyük sərvət toplayıb. Onun Rusiyadakı konqlomeratı tikinti, istehsal, pərakəndə ticarət və digər xidmətlərlə məşğul olan yüzdən çox şirkəti əhatə edir.

"Forbes" jurnalı Karapetyanın sərvətini 4 milyard dollar dəyərində qiymətləndirir və o, dünyanın ən zəngin etnik ermənisi hesab olunur. Onun aktivləri arasında Ermənistanın elektrik paylayıcı şəbəkəsi də var.

XS
SM
MD
LG